Cümə axşamı, 14.12.2017, 18:10
Salam əziz Gonağ | RSS

Azərbaycan Qadınlar Portalı

Əsas səhifə » 2008 » Sentyabr » 29 » Qadınlar böyük qüvvədir!
Qadınlar böyük qüvvədir!
15:35
Qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın və dinc yanaşı yaşamanın ən böyük təminatçısı olmuşlar
 
 Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum işə başlamışdır
 
           İyunun 10-da Bakıdakı "Gülüstan" sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.
 Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.
          Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar "Gülüstan" sarayına gəldilər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanı, Polşanın birinci xanımı Mariya Kaçinskini, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbekini, Anqolanın birinci xanımı Ana Paula duş Santuşu, Latviya Respublikasının birinci xanımı Lilita Zatleri, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perrini, Rusiya Federasiyası Şurası sədrinin müavini Svetlana Orlovanı, Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina Çeruti Dekobosu, Bəhreyn xarici işlər nazirinin xanımı şeyxa Veysəli səmimiyyətlə qarşıladı. Azərbaycanın birinci xanımı qonaqların hər biri ilə xatirə şəkli çəkdirdi. Sonra forumun rəsmi açılış mərasimi oldu.
          Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva dedi ki, bu forum Heydər Əliyev Fondunun, YUNESKO-nun və İSESKO-nun birgə səyləri ilə həyata keçirilir. Mən həmin təşkilatlara və onların rəhbərliyinə - YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya və İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tüveycriyə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Forumda iştirak etmək üçün Bakıya gələn yüksək səviyyəli qonaqları təqdim edən Mehriban xanım Əliyeva bildirdi ki, son 15 ildə alimlər və yazıçılar, din xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir. Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.
         Forumu açıq elan edən Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu göndərdiyini bildirdi. Sonra Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısının forum iştirakçılarına təbrikini oxudu. (Təbrikin mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur). Sonra İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tübeycri çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı, forumun iştirakçılarını salamladı və mədəniyyətlərarası dialoqa dair tədbirlərin keçirilməsinə göstərdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. BMT Baş Məclisinin qərarı ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə mədəniyyətlərarası dialoq ideyasının yeni mərhələyə qədəm qoyduğunu xatırladan İSESKO-nun baş direktoru dedi ki, bugünkü görüşümüz ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa yeni töhfələr verəcəkdir. Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər. Onlar cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar. Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildirən Əbdüləziz bin Osman Əl-Tüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl təhsil almalıdır. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox imkana malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsaslanan təhsili nəzərdə tuturuq. Qadınların cəmiyyətdə rolunu yüksəldən əsas amil onların mədəniyyətlərarası dialoqda fəal iştirakıdır. Onlar bu yolla dünyada sülhə və qarşılıqlı anlaşmaya nail ola bilərlər. Bu gün qadınları sivilizasiyaların dialoqunda və ümumi məqsədlərə nail olmaq istiqamətində beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac vardır. Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinin irqi, dini və mədəni ayrı-seçkiliyə çağırışlarının qarşısını birlikdə almağa çağırıram.
          Forumda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın videomüraciəti nümayiş olundu. Koişiro Matsuura əvvəlcə forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Dedi ki, bu cür yüksək səviyyədə tədbirin keçirilməsi Mehriban xanım Əliyevanın qadınlara göstərdiyi yüksək diqqətin təzahürüdür. K.Matsuura qeyd etdi ki, bu forumun keçirilməsi gender bərabərliyinin inkişafına təkan verəcəkdir. Tarixən müxtəlif danışıqlar, dialoqlar mövcud olmuşdur, amma bu cür dialoqun aparılması qloballaşan dünyada qadınların rolunu yüksəldəcəkdir. Qadınlar müasirliyin və təfəkkürün formalaşmasında mühüm rol oynayırlar. Gender bərabərliyi YUNESKO-nun 2008-2010-cu illər üçün qlobal prioritetidir. Ümid edirəm ki, bizim təşkilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında mühüm rol oynayacaqdır. YUNESKO-nun baş direktoru əmin olduğunu bildirmişdir ki, bu forum qadınların rolunu artırmaqla yanaşı, dünya ictimaiyyətinin məsələyə diqqətini yüksəldəcəkdir.           
          Forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində mühüm rol oynayacaqdır.
          Mədəniyyətlərarası dialoqun çox vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçinski öz ölkəsində tarixən mövcud olan tolerantlıq adət-ənənələrinin davam etdirildiyini bildirdi. Sözsüz ki, qadınlar gənc nəslin tolerantlıq ruhunda yetişməsində mühüm rol oynayırlar. Ona görə də qadınların potensialından siyasətdə, iqtisadiyyatda, mətbuatda, ümumiyyətlə, müxtəlif sahələrdə geniş istifadə olunmalıdır. M.Kaçinski dedi ki, bəzi ölkələrdə qadınların bir çox hüquqlardan məhrumluğu davam edir. Bu gün qloballaşan dünyada müxtəlif nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə qadınların hüquqlarının qorunması məsələsi xüsusi yer tutur. Mən hesab edirəm ki, mədəniyyətlərarası dialoqlar bu sahədə problemlərin həllinə təkan verəcəkdir. Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çıxışında bu cür mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycann birinci xanımı Mehriban Əliyevaya, YUNESKO-ya və İSESKO-ya, Azərbaycan dövlətinə xüsusi minnətdarlığını bildirdi. Ölkəmizdə olmasından böyük şərəf duyduğunu deyən qonaq forumun mədəni dəyərlərin qorunmasına layiqli töhfələr verəcəyinə əminliyini vurğuladı. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik. Bu cür forumların mədəniyyətlərarası dialoqun inkişafına təsirini nəzərə alaraq Ə.Ərdoğan belə bir tədbirin gələn il Türkiyədə keçirilməsi haqqında qərara gəlindiyini söylədi. Qadınların cəmiyyətin inkişafında əvəzsiz xidmətlərini vurğulayan natiq, bu sahədə inkişaf etməkdə olan ölkələrə kömək göstərməyin vacibliyini vurğuladı. Anqolanın birinci xanımı Ana Paula duş Santuş  Azərbaycanda olmağından və qadın problemlərinə həsr olunmuş belə əhəmiyyətli forumda iştirakdan məmnun qaldığını söylədi. Bildirdi ki, tarixən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mədəni yollar üzərində yerləşən ölkədir. Xanım duş Santuş Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğuladı, Azərbaycanın mədəni irsinin zənginliyinin digər xalqlar üçün nümunə olduğunu söylədi. Anqola Prezidentinin vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edən natiq ölkəmizdə təhsilin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Xanım Ana Paula duş Santuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forumun ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü olduğunu xüsusi qeyd etdi. Natiq qadınların cəmiyyətə inteqrasiyasının həmin cəmiyyətin inkişafına səbəb olacağını, qadın xoşbəxtliyinin həmin cəmiyyətin inkişafının təməlini təşkil etdiyini, eləcə də Bakı forumunun mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcəyinə əminliyini bildirdi.
           Latviyanın birinci xanımı Lilita Zatler mədəniyyətlərarası dialoqda qadınların rolu mövzusunun məhz Bakıda müzakirə edilməsinin onu həddindən artıq sevindirdiyini bildirdi. Məşhur yazıçı Kiplinqin Şərqlə Qərbin heç zaman birləşə bilməyəcəyi barədə fikri ilə razılaşmadığını qeyd edən xanım Zatler, bugünkü tədbirin onun qənaətinə bariz nümunə olduğunu dedi, qadınların sivilizasiyanın mühüm tərkib hissəsi olduğunu, kişilərlə bərabər cəmiyyətin idarə edilməsində onların rolunun artırılmasının vacibliyini vurğuladı. Latviyanın birinci xanımı qeyd etdi ki, cəmiyyətdə bilikləri və mədəniyyəti məhz qadınlar yayırlar. Müxtəlif dinlərə məxsus insanların, xüsusən də qadınların xoş münasibətinin vacibliyini qeyd edən natiq, tolerantlığın qadınların mahiyyətində olduğunu diqqətə çatdırdı, fikrini ölkəsinin nümunəsində izah etdi. Bildirdi ki, son 20 ildə Latviyada inkişaf üçün əlverişli şərait vardır və qadınlar cəmiyyətdə balansın yaradılmasında mühüm rol oynayırlar. Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke Azərbaycan Prezidenti İlham Əliyevə foruma göndərdiyi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi. Azərbaycan paytaxtını sivilizasiyalar arasında körpü, qonaqpərvərlik rəmzi adlandıran xanım Z.Mbeke, artıq tarixi İpək yolunun üzərində yerləşən Bakının zəngin ənənələrə malik olduğunu qeyd etdi, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırdı. O, Qərb ilə Afrika arasında fərqlərin yaranmasının səbəblərinin bu qitənin zorla mənimsənilməsindən meydana gəldiyini, lakin cəmiyyətin müsbətə doğru inkişafını nəzərə alaraq zaman keçdikcə bu fərqlərin də aradan qaldırılacağına əminliyini bildirdi. Çünki hazırda sülhün, dialoqun, humanizmin inkişaf etdirilməsi istiqamətində daha real addımlar atılmağa başlanılmışdır. Xanım Z.Mbeke forum iştirakçılarını daxili zənginliyin artırılmasına, xoş rəftarın və uğurlu işlərin davam etdirilməsinə çağırdı. Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş forumun işinə uğurlar arzuladı, iştirakçıları Federasiya Şurasının sədri Mironovun təbrik məktubunun mətni ilə tanış etdi. Xanım S.Orlova forumun mövzusunun aktuallığını xüsusi qeyd edərək bunun cəmiyyətdə qadınların rolunu dəyərləndirməyənlərə tutarlı cavab olduğunu vurğuladı. Qadınları ailə ocağının hamisi adlandıran rusiyalı qonaq qeyd etdi ki, qadınların beynəlxalq əlaqələrinin artması öz növbəsində dövlətlərarası və xalqlararası əlaqələrə də mühüm təsir göstərir. Azərbaycanın, xüsusən onun paytaxtı Bakının son illər sürətlə inkişaf etdiyini, böyük uğurlara imza atdığını xüsusi vurğulayan S.Orlova, dünyaya hər şeydən çox harmoniyanın lazım olduğunu söylədi, bu işdə qadınların üzərinə böyük vəzifələr düşdüyünü, bunun üçün yaxşı anaların sayının artırılmasının vacibliyini bildirdi. ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumunun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son qoyulması istiqamətində mühüm addım olduğunu söylədi. A.Perri ABŞ kimi demokratik dəyərlərin inkişaf etdiyi ölkələrdə də qadınların bir sıra problemlərlə üzləşdiyini vurğuladı, insan zorakılığına, ədalətsizliyə qarşı mübarizədə mövcud imkanların birgə təhlilini aparmağın vacibliyini qeyd etdi.
              Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos qızlara və qadınlara qarşı diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə təhsil sahəsində mövcud imkanları daha da genişləndirməyin zəruri olduğunu söylədi. Qonaq dedi ki, qadınların cəmiyyətdə, xüsusən təhsil sistemində rolu böyükdür. İntellektual səviyyədə qadınların cəmiyyətdə rolu əvəzedilməzdir. Ən vacib məsələlərdən biri qızların pulsuz təhsillə təmin olunmasıdır. Forumda çıxış edən ABŞ-ın Con Hopkins Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi. Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdığını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin mövcudluğunu diqqətə çatdırdı. Bildirdi ki, müasirləşən dünyada artan iqtisadi inkişaf nəticəsində qadınların statusu da dəyişir və bu fərqlər aradan qalxır. Tarixə ekskurs edən professor Şərqdə qadınların statusunun kişilərin statusundan asılı olduğunu, kişilərin cəmiyyətdəki mövqeyi dəyişdikcə, qadının da mövqeyində fərqlər baş verdiyini söylədi, xüsusən oğul doğan qadınların Şərqdə statusunun yüksək olduğunu, Qərbdə isə qadınların statusunda dəyişikliyin katolik kilsəsinin onlara mülkiyyət hüququ verdikdən sonra meydana gəldiyini bildirdi.
           Müasir cəmiyyətdə iqtisadi və texnoloji inkişafın qadınlara da böyük təsir göstərdiyini, ağıl gücünün fiziki gücü getdikcə üstələdiyini qeyd edən natiq, ABŞ-da işçi qüvvəsinin 60 faizinin qadınlardan ibarət olduğunu vurğuladı, bütün dünya üzrə isə bu rəqəmin artıq 50 faizə çatdığını qeyd etdi. Professor vurğuladı ki, cəmiyyətin həyatında qadınların rolunu artırmaq üçün mədəni amillərin inkişafına xüsusi önəm verilməlidir. Forumun açılış sessiyası başa çatdıqdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər. Fasilədən sonra beynəlxalq forum işini sessiyalarda davam etdirdi.
 
          "İnsan sivilizasiyasının münaqişəsi, yoxsa birliyi?" mövzusundakı sessiyaya Avropa Şurasının sabiq baş katibi, "Sivilizasiyaların dialoqu" Dünya İctimai Forumunun beynəlxalq əlaqələndirmə komitəsinin sədri Valter Şvimmer sədrlik etmişdir. Bakı forumunun keçirilməsini yüksək qiymətləndirən V.Şvimmer dedi ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq və azadlıqlarının, eləcə də qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir. Xanım Mehriban Əliyeva giriş nitqində həlli vacib məsələlərə toxundu. Bu məsələlər əslində təkcə sizi deyil, bütövlükdə Avropanı və dünyanı düşündürən və narahat edən məsələlərdir. Biz çalışacağıq ki, gələcək fəaliyyətimizdə buna xüsusi diqqət yetirək və qaldırılan məsələlərin həllinə nail olaq. Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.
 
Azərbaycan.- 2008.- 11 iyun.- S. 2-3.
 
 
Material ANL-ni səhifəsindən götürülmüşdür.
 Baxılma sayı: 1175 | Yüklədi: lafemme| Reytinq: 5.0/1 |
Şərhlərin sayı: 1             
1  
biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
.::Menyu::.
.::Sayta giriş::.
.::Dost Saytlar::.
.:Bizim sual::.
Sizin neçə yaşınız var?
Ümumi cavab sayı: 374
.::Statistika::.

Saytda cəmi: 1
Qonağlar: 1
İstifadəçilər: 0
Azərbaycan qadınlar portalı © 2017