Şənbə, 20.04.2024, 17:12
Salam əziz Gonağ | RSS

Azərbaycan Qadınlar Portalı

Əsas səhifə » 2008 » Sentyabr » 29 » Azərbaycanda qadın mətbuatı
Azərbaycanda qadın mətbuatı
16:38
Azərbaycanda qadın mətbuatı

Yazd: Arzu Soltan
          

           Yusif Vəzir Çəmənzəminli Kiyevdən Azərbaycanda çıxan ilk qadın məcmuəsinə göndərdiyi təbrik məktubunda yazırdı: "Xanımlar qəzetəsi dedikdə ən əvvəl "arvad məsələsi" yada düşür. "Arvad məsələsi" də insanlar üçün həyati və zəruri bir məsələdir..."
           Bəli, Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni" əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
Belə bir vaxtda dövrünün tələb və ehtiyaclarını böyük həssaslıqla duyan Hacı Zeynalabdin Tağıyev millət qarşısındakı xidmətlərinin sırasına bir yaxşılıq da qoşdu. O,"İşıq" adlı ilk qadın qəzetini təsis etdi. "Onun ilk nömrəsi 1911-ci il yanvarın 22-də çapdan çıxdı". (A.Qasımova, "Zülmətdə "İşıq"", Bakı - 2000, səh.6). Qəzetin (bəzi mənbələrdə "İşığ"ı jurnal adlandırırlar) 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə 68) sayı işıq üzü görüb. Mətbuat tariximiz öyrənilərkən əsrin əvvəllərinin nəşrləri burjua və demokratik ruhlu mətbuata bölündüyündən bu qəzet necə deyərlər, ortalıqda qalıb və indiyə qədər tam tədqiq edilməyib. Amma ayrı-ayrı məqalə və materiallar onun haqqında bəzi məlumatları öyrənmək imkanı yaradır.
           Məcmuənin redaktoru Azərbaycanın ziyalı qadınlarından biri, təhsilinə görə həkim olan, ictimai, mədəni həyatda fəal iştirak edən, qadın xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüskarlarından biri Xədicə Əlibəyova idi. Qəzetin naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov oldu. Hüquqşünas, vəkil, jurnalist, yazıçı M.Əlibəyov insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəçisi kimi də tanınırdı. "Azərbaycan dövri mətbuatı" biblioqrafiyasında "İşıq" haqqında belə bilgi verilir: "Həftədə bir dəfə - şənbə günü - nəşr olunan elmi-pedoqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi".
          "İşıq"da uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr vardı. Qəzetdə bəzi yazılar rus dilinə də tərcümə olunurdu.
1911-ci ildə çap olunmağa başlayan "İşıq" məcmuəsi cəmi iki il ömür sürsə də, o nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarınn gözlərinə işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələdi, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin zəmini oldu. ""İşıq" qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Bir tərəfdən cəhalətpərəst adamların təzyiqləri, digər tərfdən iqtisadi və maliyyə çətinliyi onu yaşamağa qoymadı. Lakin onun mədəniyyət və mətbuat tariximizdə qoyub getdiyi nəcib iz silinmədi". (S.Gəncəli, "Mətbuat aləmindlə qadınlarımızın ilk addımları" məqaləsindən, "Azərbaycan" qəzeti, 11 may 2000) "İşıq" "söndürüldü". Lakin onun şöləsinin hərarəti ilə oyanıb ictimai-mədəni həyata qoşulmuş qadınları, ziyalılarla yanaşı, Azərbaycanın hər yerindən "İşığ"ın oxucusuna və müəllifinə çevrilmiş sadə qadınların, Tiflisdən, Kiyevdən, Dağıstandan, Moskvadan, Peterburqdan, Xarkovdan ona məktub göndərənlərin alovunu səngitmək mümkün olmadı. Onlar "Molla Nəsrəddin", "Yeni Fyüzat", "Məktəb", "Dirilik", "İqbal", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzetlərdə çıxışlar edib, qadınların problemlərinin diqqət mərkəzindən uzaqlaşmasına imkan verməməyə çalışdılar.
          Lakin qadınların özlərinə məxsus mətbuat orqanına olan ehtiyacı bununla aradan qalxmadı. 1918-20-ci illərdə qadın hərəkatının vüsət alması bu zərurəti daha da reallaşdırdı. ADR hökuməti bu hərəkatı istiqamətləndirmək niyyətilə qadınlar üçün ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu" və "Qafqaziya zəhmətkeş qadınların yolu" adlı bir saylı qəzetlər nəşr etdi.
           Daha sonra 1922-ci ildə "Zaqafqaziya zəhmətkeş qadını" adlı jurnal çap olundu. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edir, onları azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını ödəmirdi. Eləcə də, o biri respublikaların qadınları öz ana dilində nəşr olunan mətbuat orqanına ehtiyac duyduqlarını bildirirdilər.
Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının orqanı olan "Şərq qadını" jurnalı işıq üzü gördü. Onun ilk sayı həmin ilin noyabrında çap olundu.
           Jurnalın ilk redaktoru Ayna Sultanova idi. 20-ci illərdə ərəb əlifbası ilə çap olunan "Şərq qadını" qadınlara azadlıq, bərabərlik ideyaları aşılayır, maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı kommunizm ideologiyasının süzgəcindən keçirilib oxuculara təqdim olunurdu. ""Şərq qadını" tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində müntəzəm yer verilirdi".(C.Gəncəli, "Mətbuat aləmində qadınlarımızın ilk addımları" məqaləsi, "Azərbaycan" qəzeti, 12 may 2000) Bu jurnal "İşıq" ilə təməli qoyulmuş nəcib işin layiqli davamçısı oldu və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirdi. "İşıq" bir qığılcım kimi işarıb tez söndüsə də, "Şərq qadını" Azərbaycan qadın mətbuatının məşəli olub yana-yana yaşadı.
            ""Şərq qadını"nın bir tarixi rolu da odur ki, o azad nəfəsli, xoş məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşmışdılar. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynamışdır. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri jurnalın səhifələrində dərc edilmişdi. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər görkəmli bədii söz ustalarının - C.Məmmədquluzadənin, S.S. Axundovun, A.Şaiqin, S.Hüseynin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin, H.Cavidin, Qantəmirin, B.Talıblının, H.Nəzərlinin və başqa yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şerləri tez-tez çap olunurdu". (Yenə orada).
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin, kooperativləşmənin təbliğinin tribunasına çevrildi, onun səhifələrində kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer aldı. Zərbəçi qadınlar öyüldü. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin fevralından etibarən "Şərq qadını"nın adı da dəyişdirildi. Jurnal "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başladı. O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
          1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi, onun müəllifləri, müxbirləri repressiya qurbanı oldu. Beləliklə, jurnalın tarixində böhranlı günlər başladı.
          1941-ci ildə bir çox mətbuat orqanları kimi "Azərbaycan qadını" da fəaliyyətini dondurdu. Və onun donu bir də on ildən sonra, 1951-ci ilin martında açıldı. 50-ci illərdə jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdi.
          "Azərbaycan qadını" jurnalını Azərbaycan xalqının keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar. 60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş qadınların hünərindən bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapırdı.
          Jurnalın 1961-ci ilin yanvarında dərc olunmuş birinci nömrəsindəki Yerevana həsr olunmuş "Sevimli şəhər", fevralda çıxan ikinci nömrədəki "Qarğıdalı kəndimizin gözəli olmalıdır" və s. məqalələr o dövrdəki qadın mətbuatı haqqında az-çox təsəvvür yaradır. Bununla belə, 30-cu illərdən fərqli olaraq, müharibədən sonrakı həyatında "Azərbaycan qadını"nın səhifələrində "Evi necə bəzəməli", "Yeni geyimlər", "Süfrə" kimi rubrikalara da yer verilirdi.
1965-72-ci illərdə "Azərbaycan qadını"nın redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi qeyd olunur.
          O dövrdə jurnalda "Gözəllik aləmində", "Mədəniyyət tariximizdən", "Açılmamış səhifələr", "Teatr", "İncəsənət", "Poeziya yarpaqları", "Mənəvi tərbiyə", "El sənətkarları", "Xarici rəfiqələrimizin həyatı" və s. yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış ediblər.
        80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb.
        1951-91-ci illərdə "Azərbaycan qadını" müntəzəm olaraq ayda bir dəfə nəşr olunub.
        90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etmək olar.
        80-ci illərin sonunda Azərbaycanda ilk dəfə ümummilli, qeyri-hökumət qəzetləri meydana çıxdı. Müstəqil nəşrlərin sayı günbəgün çoxaldı. Bəzi KİV-lər güclü nəşr evləri, holdinq şirkətləri, geniş şəbəkəli reklam və informasiya qurumları yaratdılar. KİV dördüncü hakimiyyət funksiyasını yerinə yetirməyə, ictimai fikrə güclü təsir göstərməyə başladı. Amma mətbuat orqanlarının sayının durmadan artması, keyfiyyətinin dayanmadan yüksəlməsi qadınlar üçün olan nəşrlərin sayında və keyfiyyətində o qədər də güclü əks olunmadı.
         Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın mətbu orqanı olan "Azərbaycan qadını" jurnalı da bu illərdə çətin günlərini yaşadı. Kağız və maliyyə çatışmazlığı 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. Bu tendensiya 1993-cü ildə də davam etdi. 1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü.
          1997-ci ildə "Azərbaycan qadını"nın tarixində daha yeni bir mərhələ başladı.
Jurnalın təsisçisi "Sevil" Azərbaycan Qadınları Məclisi və redaksiyanın kollektivi, baş redaktoru Prezident Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə oldu. Bu isə jurnalın yenə də müəyyən ideologiyaya xidmət edəcəyindən xəbər verirdi.
           İndi ictimai-siyasi, ədəbi-bədii jurnal adlandırılan "Azərbaycan qadını" daha nəfis tərtibatla Türkiyədə nəşr olunmağa başladı. Onun səhifələrində daha çox qadınların sosial problemlərinə və mədəniyyət yeniliklərinə yer verildi.
Amma "Azərbaycan qadını"nın bu "yeni həyatı" da intensivliyi ilə seçilmədi. Belə ki, 1999-cu ildən jurnal yenidən çətinliklər məngənəsində sıxılmağa başladı. Maliyyə çətinlikləri onun ölkə xaricində çap olunmasını mümkünsüz etdi, jurnalın tirajı 2-3 minə endi. 1999-cu il ərzində yalnız 4 nömrəsi işəq üzü görən "Azərbaycan qadını"nın 2000-ci ilin sonlarında bircə sayı çapdan çıxıb. Daha 2-3 nömrə isə çapa hazır vəziyyətdə gözləyir.
           Ümumiyyətlə, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin 2000-ci ilin noyabrına olan məlumatına görə, ölkədə 531 qəzet rəsmi qeydiyyata alınıb. Onlardan 300-dən bir qədər artığı müntəzəm işıq üzü görür. Fəaliyyətinə icazə verilmiş jurnalların sayı 113, agentliklər 25, teleradio şirkətlər isə 20-yə qədərdir. Bir sözlə, Azərbaycanda kütləvi informasiya vasitələrinin sayı ölkənin parametrlərinə görə kifayət qədərdir. Lakin bu heç də "qadın mətbuatının" da varlığından xəbər vermir.
           Azərbaycanın qadın mətbuatı ABŞ və Avropa ölkələrinin bu sahədəki nailiyyətləri ilə ayaqlaşmasa da, hər halda son onillikdə bu yöndə müəyyən cəhdlər olub.
             Onların pioneri 1991-ci ildə yaranmış "Ceyla xanım" jurnalıdır. Təsisçi - jurnalın kollektivi eyni vaxtda "Ceyla dekor" adlı jurnal da istehsal edib. 1991-ci ilin dekabrında 30 min tirajla çap olunan jurnal bu yönümlü ilk mətbu orqan olduğundan oxucuların rəğbətini qazanıb. Jurnal rus dilində çıxıb. 1994-95-ci illərdə maliyyə çətinlikləri "Ceyla"nın jurnal deyil, eyni adlı, A-4 formatlı qəzet kimi işıq üzü görməsinə səbəb olub. 1996-97-ci illərdə Türkiyə Respublikasında çap olunan jurnalın tirajı 1500 nüsxəyə enib. Hazırda "Ceyla" jurnalı (indi "Ceyla xanım" və "Ceyla dekor" jurnalları bir ad altında birləşib) yenidən "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur. 2000-ci ildə onun bir neçə sayı işıq üzü görüb. Son nömrəsi 2000-ci ilin oktyabrında çıxıb.
              Qadın mətbuatı sahəsindəki "Ceyla" ilə aradan qalxmayan boşluğu 1996-cı ilin sentyabrından nəşr olunmağa başlayan "Şəms" jurnalı doldurmağa cəhd etdi.
"VSistem inc." şirkətinini təsis etdiyi bu jurnal da rus dilində, ayda bir dəfə oxucuların görüşünə gəlirdi. Lakin cəmi bir il yaşayan bu jurnal Azərbaycan qadın mətbuatında elə bir yenilik edə bilmədi. Sakitcə mətbuat aləmindən getdiyi kimi, tezliklə yaddaşlardan da silindi. Araşdırmalar apararkən onun nüsxələrinə kitabxanalarda da rast gəlmədim.
Müxtəlif illərdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində "Şans", "Sarı gəlin" və s. adlı qadın jurnalları qeydiyyatdan keçib. Lakin onların adı elə qeydiyyat şəhadətnaməsinin üzərində qalıb.
Bəs qəzetlərlə bağlı vəziyyət necədir?
Ölkədə çıxan 30-dan çox qəzet və jurnalın baş redaktoru isə qadınlardır.
 Baxılma sayı: 2200 | Yüklədi: lafemme| Reytinq: 5.0/2 |
Şərhlərin sayı: 1             
1 elageadly  
0
ga board of pharmacy technicians http://sundrugstore.net/products/tricor.htm hu pharmacy school

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
.::Menyu::.
.::Sayta giriş::.
.::Dost Saytlar::.
.:Bizim sual::.
Aşağıdakı Qadın jurnallarından hansını bəyənirsiniz?
Ümumi cavab sayı: 110
.::Statistika::.

Saytda cəmi: 1
Qonağlar: 1
İstifadəçilər: 0
Azərbaycan qadınlar portalı © 2024